"Cari ilin aprelin 1-nə olan məlumata görə, Qubadlı rayonunun 38 min 100 nəfər əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Abşeron rayonunda “Stansiya Sumqayıt” adlanan ərazidə yeni salınan şəhərciyə 307, Sumqayıt şəhər 12-ci mikrorayondakı şəhərciyə 418, Qaradağ rayon “Ümid” qəsəbəsinə isə 9 ailə köçürülüb".
Unikal.org-un məlumatına görə, bu fikirlər Qubadlı rayonunun cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında səsləndirilib.
Yığıncağı giriş sözü ilə İH-nin başçısı Malik İsaqov açıb.
Hesabat məruzəsində və çıxışlarda rayon həyatının və iqtisadiyyatının bütün sahələri üzrə yekunlar təhlil edilib. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda, inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.
Birinci rübdə rayonun yerli gəlirlərinin proqnoz məbləği 443 min 534 manat, yerli xərclər proqnozu isə 453 min 778 manat olub. Yerli gəlirlərdən daxil olma 443 min 534 manat proqnoz rəqəminə qarşı 605 min 235 manat və ya 1,3 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulduğundan 161 min 701 manat artıq vəsaitin daxil olması deməkdir. Hesabat dövrü yerli xərclərin icrası isə 453 min 778 manata qarşı 393 min 128 manat və yaxud 86,6 faiz icra olunub.
Bildirilib ki, Məşğulluq Mərkəzi tərəfindən sakinlərin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Rayonda 20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin birinci rübündə 46 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 943-ə çatıb.
İlin ilk üç ayında kənd təsərrüfatı sahəsində də görülən işlərdən danışan natiqlər qeyd ediblər ki, baramaçılığın inkişafı üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilən Çin Xalq Respublikasından gətirilmiş və yerli sortlardan olan 11 min 500 ədəd tut tinginə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülüb. 2019-cu ildə barama istehsalı ilə əlaqədar olaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu, yəni 494 qram ipəkqurdu toxumu götürülərək baramaçılara paylanılıb.
Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Artıq arı ailələrinin sayı 4 min 477-ə çatdırılıb. Arıçılığı inkişaf etdirmək məqsədilə müraciət etmiş 82 arıçıya dövlət hesabına 35 min 400 manat subsidiya verilib.
Natiqlər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi qayğıdan danışaraq, qubadlılıların daim dövlətçiliyin keşiyində durduğunu, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayıblar.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də söhbət açılıb. Bildirilib ki, görülən bütün işlərin təməlində insan amili durur. Əhalinin hər bir müraciəti, təklifləri, xahişləri daim diqqət mərkəzində saxlanılmalıdır:
"Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən birini də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil edib. Rüb ərzində İcra hakimiyyətinə dövlət orqanlarından və vətəndaşlardan ümumilikdə 33 yazılı müraciət daxil olmuşdur. Yazılı müraciətlərin 13-ü müsbət həll edilmiş, 4-nə müvafiq izahat verilmiş, 2-i əsassız sayılmış, 2-si icraya alınmış, 1-i baxılmaq üçün aidiyyatı təşkilata göndərilmiş, 11-i isə müvafiq Dövlət Proqramlarının yerinə yetirilməsi zamanı həll olunacaqdır.
Rüb ərzində keçirilən 9 səyyar qəbulda edilən 33 müraciətin 23-ü müsbət həll edilmiş, 10-na isə müvafiq izahat verilib. Rayon İcra hakimiyyəti başçısı tərəfindən bilavasitə aparatda 260 nəfər qəbul edilib. Qəbullar zamanı müraciətlərin 109-u müsbət həll olunmuş, 38 müraciətə müvafiq izahat verilmiş, 73 müraciətin icrası müvafiq Dövlət Proqramlarında icrası nəzərdə tutulmuş, 29 müraciət isə baxılmaq üçün aidiyyatı quruma yönləndirilmiş,11 müraciət isə icraatdadır.
2019-cu ilin birinci rübünün yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmayıb. Rayonda bu gün də əsas aparıcı siyasi partiya 3min 605 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır. Sakinlərimiz həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər.
Bütün bu görülən işlərə baxmayaraq çatışmazlıqlar da mövcuddur.
Qəbullar zamanı müraciət edən vətəndaşlarımız ünvanlı sosial yardımların təyin edilməsi zamanı problemlərlə üzləşdiklərini bildirirlər. Araşdırma zamanı məlum olur ki, bu sahəyə cavabdeh olan şəxslər vətəndaşlara düzgün hüquqi izahat vermirlər və yaxud maarifləndirmə işləri zəif aparılır. Ünvanlı sosial yardımla bağlı qəbul olunan Qaydalarla bağlı Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən vətəndaşlarımıza ətraflı bilgi verilmir.
Belə hallar digər xidmət sahələrində də var.
Yeni iş yerlərinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi qarşıda duran vacib məsələlərdəndir.Son illər işsizliyin qarşısını almaq üçün və özünüməşğulluğun təmin edilməsi haqqında bir çox dövlət proqramları qəbul edilib. Buna baxmayaraq işsizliklə bağlı vətəndaşlarımız adiyyatı üzrə müraciətlər etsələr də dolğun cavab ala bilmirlər. Bütün bunlar lüzumsuz get-gəllərə səbəb olur. Ona görədə rayon Məşğulluq Mərkəzi qeyd olunan nöqsanları nəzərə alıb aradan qaldırmaq üçün ciddi tədbirlər görməlidirlər".
Hesabat yığıncağına idarə, müəssisə və təşkilat rəhbərləri, inzibatı ərazi dairəsi üzrə nümayəndələr, ictimai birliklərin və icmaların fəalları, ağsaqqallar və ziyalılar dəvət olunub. Hesabat yığıncağının işində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov da iştirak edib. Ağaəli Əhmədov çıxış edərək, dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışıb.