Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik  bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəffəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil olunub. Tədbirdə Universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Tədbirin aparıcıları əvvəlcə 43 il ömür sürmüş və 3 dildə - Azərbaycan, fars və ərəb dillərində zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin  həyat və fəaliyyətindən  bəhs edib. Nəsiminin Azərbaycan ədəbiyyatı ilə yanaşı bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanıldığını söyləyiblər.  
Çıxış üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru  Mahmud Allahmanlıya verilib. Professor, Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, yəni insanı  kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən söhbət açıb. Natiq qeyd edib ki, şair bu qəzəllərində öz lirik qəhrəmanının dili ilə insanın kainatdakı bütün canlılardan üstün olduğunu, buna görə də tanrı dərəcəsinə qalxa bilməsi fikrini irəli sürüb. 

Azərbaycan  Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı Aybəniz Osmanova Nəsiminin insanların qəlbini, onların mənəvi dünyasını ilahi ustalıqla tərənnüm edən şair olduğunu söyləyib. AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev isə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən danışıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rolu diqqətə çatdırıb. 

 Tədbirin gedişində şairin qəzəllərindən ibarət kompozisiyalar, eləcə də  “Nəsimi” filmindən epizodik səhnəciklər nümayiş olunub, “Nəsimi kontatası” səsləndirilib. Tələbələrin təqdimatında nümayiş olunan bədii hissə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.