Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb.

Unikal.org xəbər verir ki, cari ilin 15 may tarixində Niderlandın Apeldorn şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib. Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də  Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə yaxından tanışlıq baş tutub.  

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanın və Niderlandın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar  qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılıb. Komitə sədri bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib.

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və gələcək perspektivlər müəyyən edilmişdir. Bu baxımdan, daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı qurumlar arasında əməkdaşlıq hədəfləri müəyyən edilib. 

Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi də təmsil olunub.

 Sonda xatirə şəkli çəkdirilib.