İsmayıllı Rayon İcra Hakimiyyəti iqtisadiyyat, maliyyə qurumları ilə periodik və inkişafın müxtəlif istiqamətlərinə uyğun olaraq seminarlar, treyninqlər, elmi konfranslar keçirir. Bunlar da rayonun sosial-iqtisadi inkişafının sürətini və keyfiyyətini artırmaq stimuluna çevrilir.
Unikal.org xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Maliyyə savadlılığının və biznes subyektlərində texnologiya savadlılığının artırılması yolları və “Strateji Yol Xəritəsi” mövzusunda keçirdiyi seminar-treyninq miqyası və məzmunu ilə daha çox iştirakçı cəlb edib.
Heydər Əliyev mərkəzində keçirilən tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov açıb və qeyd edib ki, bu tip tədbirlər iqtisadi, maliyyə, kommersiya, biznes qurumlarının fəaliyyətinə elmilik, müasirlik gətirir, idarəetmə imkanlarını artırır.
Seminarın giriş hissəsində ADİU-nin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov və “Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev çıxış ediblər.
“Azərbaycan Respublikasında vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti. Vergi inzibatçılığında yeni elektron texnologiyalarının tətbiqi imkanları”, “Bank biznesinin ən yeni formaları, şəbəkə və internet bankları, hesabların distant idarə olunması. Elekton bankçılığın gələcək inkişaf perspektivləri” və “Elektron mühasibatlığın tətbiqi və bu sahədə olan yeniliklər” mövzusunda məruzələr dinlənilib.
Seminar-treyninq diskusiya formasında yekunlaşıb.