Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti “Weir Oil and Gas” şirkətində olub.

Unikal.org xəbər verir ki, əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic ADNSU nümayəndələrinə şirkətin fəaliyyət istiqamətləri, mövcud layihələr və neft-qaz sahəsində yeni texnologiyaların tətbiq olunması haqqında məlumat verib. ADNSU kimi ənənələri olan ali təhsil ocağı ilə əməkdaşlıqdan böyük qürur hissi keçirdiyini bildirən Altug Bilgic təmsil etdiyi qurumun bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Hazırda ADNSU-nun 66 nəfər tələbəsinin "Gündəlik təcrübə" proqramı çərçivəsində şirkətdə istehsalat təcrübəsi keçdiyini deyən A.Bilgic onlardan 3 nəfərinin yay təcrübə proqramına qəbul ediləcəyini diqqətə çatdırıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı son dövrlərdə universitetdə həyata keçirilən islahatlar haqqında məlumat verib, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan və gələcəkdə görülməsi planlaşdırılan layihələrdən danışıb. Görüşdə “Weir Oil and Gas” şirkətinin əməkdaşlarının "Dəvətli professor" qismində ADNSU-da tədrisə cəlb edilməsi, müəssisənin istehsal prosesində rastlaşdığı problemlərin elmi mövzu kimi universitetə gətirilməsi, şirkətin araşdırma mərkəzində birgə proqramların həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.

Daha sonra rektor, prof.Mustafa Babanlı şirkətdə təcrübə keçən ADNSU tələbələri ilə görüşüb, onların təcrübə prosesi ilə maraqlanıb.

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün neft-qaz avadanlıqlarının istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb. Hazırda yerli bazarın təlabatının 80%-ni təmin edən “Weir Oil and Gas” şirkəti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində təmsil olunur.