İyunun 19-da “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edilib.
Unikal.org xəbər verir ki, tədbirdə 36 ölkədən 40-a yaxın nümayəndə iştirak edib.
Əməliyyat Komitəsinin nümayəndələri Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə az bir zamanın qaldığı vaxtda ümumilikdə görülmüş işlərişlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında bildirib: “Biz sadəcə idmanımızın inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyuruq. Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır. Sayca 15-ci dəfədir ki, keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı gənc idmançıların dostluq və həmrəylik bayramıdır. Ümid edirik ki, qarşıdan gələn festivalın da yüksək səviyyədə təşkili idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək".
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.