Bu il sentyabrın 1-də bütün dünya İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyini qeyd edəcək.
Əsas mərasim müharibənin ilk döyüşlərinin baş verdiyi Polşanın Qdansk şəhərində baş tutacaq. Məhz bu şəhər Hitler Almaniyasının 1939-cu il sentyabrın 1-də Polşaya hücumu zamanı ilk hədəf olub.
Unikal.org bildirir ki, təntənəli mərasimə ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və s. ölkə liderləri dəvət olunub. Maraqlıdır ki, Polşa mərasimə müharibənin əsas iştirakçılarından biri olan Rusiyanı dəvət etməyib. Putinə dəvət göndərməyən rəsmi Varşava Belarus lideri Aleksandr Lukaşenko və Ukrayna lideri Vladimir Zelenskini dəvət etməyi unutmayıb.
Polşa 1939-cu ildə Sovet İttifaqının Almaniya ilə gizli sazişə girərək, ölkə torpaqlarını bölməsini unutmayıb və buna görə rəsmi Moskvaya qarşı soyuq münasibət sərgiləyir.
İkinci Dünya Müharibəsinin başlama səbəbini xatırladırıq.
Hitler və çevrəsi 1933-cü ildə hakimiyyətə gəldiyi andan Birinci Dünya Müharibəsinin nəticələrini aradan qaldırmağa və alman torpaqlarının bir hissəsini Polşaya verən Versal sülh müqaviləsinin ləğvinə çalışırdı.
Polşa ilə müharibəyə başlamaq üçün formal səbəb isə “Qleyvitsk insidenti” adını almış hadisə olur. İmperiya Təhlükəsizliyi Baş İdarəsi (SD) direktoru Henrix Heydrixin hazırladığı “Konserv” planına əsasən, polyak əsgərinin formasını geyinən alman hərbçiləri Qlyavits şəhərində almanların radiostansiyasına silahlı hücum edir. 1 nəfərin öldüyü insidentə görə Üçüncü Reyx rəhbərliyi Polşanı ittiham edir və 1 sentyabrda onlara müharibə elan edir.
Hərbi baxımdan Polşa ordusunu bütün parametrlərdə üstələyən almanlar asanlıqla ölkəni işğal edirlər. Ölkənin qısa müddətdə işğal olunmasında Sovet İttifaqının da rolu az deyildi. Belə ki, aralarındakı sazişə baxmayaraq, Qırmızı Ordu sentyabrın 17-də Polşa torpaqlarına daxil oldu. Nəticədə, iki tərəfdən mühasirəyə alınan Polşa oktyabrın 2-də kapitulasiya etdi.
Maraqlıdır ki, sentyabrın 22-də Sovet və Almaniya qoşunları sərhəd Brest şəhərində birgə parad da keçirdilər. Parada Almaniya tank qoşunlarının komandanı Hans Huderian, Sovet qoşunlarına isə general Semyon Krivoşein başçılıq edirdi.
İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də qədər davam etdi. 1 sentyabrın səbəb olduğu 6 illik müharibə 60 milyon insanın ölümünə, 90 milyon nəfərin isə əlil qalmasına yol açdı. Müharibədə Yer kürəsinin 80%-nin yaşadığı 61 ölkə iştirak edirdi. (modern.az)