Qırğızıstanda sabiq prezidenti Almazbek Atambayevin əmlakına və bütün hesablarına həbs qoyulub.
Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə respublika baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb. “Almazbek Atambayevlə bağlı 12 cinayət işinin təhqiqatı çərçivəsində onun əmlakına, qiymətli kağızlarına, səhmlərinə, Qırğız Respublikasının banklarındakı bütün hesablaşma hesablarına həbs qoyulub”, - deyə mətbuat xidmətindən bildiriblər.
Prokurorluğun məlumatına görə, həbs, həmçinin sabiq prezidentin həyat yoldaşı Raisa Atambayevaya məxsus bütün əmlaka, onunla əlaqəli kompaniyaların əmlakına da qoyulub. Bu kompaniyalar sırasında “Kırqızavtomaş”, “Aprel” telekanalı, “Meiaform” ASC və başqaları var.
Qırğızıstanın sabiq dövlət başçısı bir sıra ağır və xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, kütləvi iğtişaşların təşkilində, korrupsiyada şübhəli bilinir.
Xatırladaq ki, toxunulmazlıq hüququndan məhrum edilən sabiq prezident Almazbek Atambayevin tutulması üzrə əməliyyat avqustun 7-də başlayıb. Onun Koy-Taş kəndindəki tərəfdarları hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər. Əməliyyatın gedişində bir xüsusi təyinatlı döyüşçü həlak olub, 80 nəfər yaralanıb.
Əgər məhkəmə Atambayevi qeyd olunan cinayətlərdə təqsirkar hesab etsə, o, ömürlük həbs cəzasına məhkum oluna bilər.