"Brexit" Böyük Britaniya höküməti ilə yanaşı müxalifət sıralarında da təlatümə səbəb olub.
Unikal.org-un Anspress-ə istinadən məlumatına görə, ölkənin "kölgə" xarici işlər naziri Hillari Ben onun barəsində mətbuatda yayılan şayiələrdən sonra "kölgə kabineti" və ya başqa adla "gözləməkdə olan hökumət"in sıralarından kənarlaşdırılıb.
İddialara görə o, Leyboristlərin lideri Ceremi Korbinin etimadsızlıq səsverməsinə məhəl qoymayacağı təqdirdə nazirləri istefa verməyə təhrik edib.
Leyboristlər Partiyasının lideri Avropa Birliyi üzvlüyü ilə bağlı səsvermə kampaniyasında lazımi səviyyədə fəallıq göstərmədiyinə görə etimadsızlıq səsverməsi ilə üz-üzə qalıb.
Korbin referendum nəticələrinə görə məğlubiyyətə düçar olmuş "Remain", yəni Avropa Birliyində qalma kampaniyasını dəstəkləyirdi.
BBC-nin məlumatına görə Ceremi Korbin etimadsızlıq səsverməsinin nəticələrini qəbul etməyəcəyi təqdirdə kölgə kabinetinin çoxlu sayda üzvü istefa verəcək.
Leyborist deputatlar Marqaret Hoc və An Kofi artıq etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı Leyboristlər Partiyasının Parlamentdəki sədri Jon Krayerə vəsatət qaldırıb.
Sədr yaxın zamanda məsələnin müzakirəyə qoyulub-qoyulmayacağına qərar verəcək. Con Krayer yaşıl işıq göstərəcəyi təqdirdə leyboristlərin gizli səsverməsinin çərşənbə axşamı keçiriləcəyi istisna edilmir.
Parlament dövlətlərində "ana" müxalifət partiya səsverməsi yolu ilə partiya daxilində kölgə hökumətləri qurur. Belə hökumətdə partiya liderləri hakimiyyətə gələcəkləri təqdirdə nazir portfellərini və vəzifələrini qabaqcadan bölüşdürür.
İyunun 23-də Böyük Britaniyanın Avropa Birliyinin (AB) tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Referendumda Böyük Britaniyada AB-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib.
Səsvermədə iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın AB-ni tərk etməsini istəyib. Nəticələr elan olunandan sonra Britaniyanın baş naziri Devid Kemeron bu ilin oktyabr ayında istefa verəcəyini bəyan edib.