"Azərbaycanda test üsulun Vurğun Əyyub deyil, mən gətirmişəm".
Unikal.org xəbər verir ki, bu sözləri bakupost-a Baş nazirin müavini işləmiş, Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov deyib.
O deyib: "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır. Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya “hə” de, ya “yox”. Konkret razılıq vermədi. Orda bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib".
Sabiq nazir xatırladıb ki, testdən keçmiş 2000 tələbəni Türkiyəyə göndərib: "Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. Təbii ki, Elçibəyin sonrakı razlığı olmasaydı və Vurğun bəyin gərgin əməyi olmasaydı, test imtahanı baş tutmayacaqdı. 1993-cü ildən 2005-2006-cı ilə qədər “Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".