Rusiya BMT Təhlükəsizlik Şurasında Belçika, Almaniya və Küveytin Suriyaya sərhəddən humanitar yardımın göstərilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası da Rusiyanın bu məsələ ilə bağlı qətnaməsini dəstəkləməyib.

Bildirilir ki, 2014-cü ildən bəri qonşu dövlətlərdən cəbhə xətləri və sərhəd keçidləri vasitəsilə Suriyaya humanitar və tibbi ləvazimatların çatdırılmasının sadələşdirilmiş rejimi fəaliyyət göstərir. Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir. Sənədə görə, BMT-nin humanitar qurumları və tərəfdaşları cəbhə xətləri və Bab-əs-Salam, Bab-əl-Hava, Əl-Yarubiya və Əl-Ramat marşrutlarından istifadə etmək hüququna malikdirlər.

Almaniya, Belçika və Küveyt, humanitar yardımın transsərhəd çatdırılmasının bir il uzadılmasında maraqlı olduqlarını bildiriblər. Bu ölkələr “güzəştli təklif” hazırladıqlarını və “Əl-Ramat sərhəd keçidi istisna olmaqla, əlavə on iki aylıq müddətə, yəni 2021-ci il yanvarın 10-dək” əlavə sərhədsiz yardım mexanizminin etibarlılığının uzadılması təklifini irəli sürüblər.

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, köhnəlmiş hesab olunduğu və 2014-cü ildən Suriyada baş verənlər nəzərə alınmadığı üçün Rusiya bu qətnamənin əleyhinə səs verib.

“O zaman mexanizm fövqəladə bir vəziyyətdə yaradılmışdı və obyektiv olaraq Suriya hökumətinin nəzarətindən kənar ərazilərə humanitar yardım çatdırılmasının başqa variantları mümkün deyildi”, - deyə diplomat bildirib.

Nebenzya xatırladıb ki, indi rəsmi Dəməşq ərazinin çox hissəsinə nəzarəti geri qaytarıb və buna görə də artıq bu ərazilərə sərhəddən yardım çatdırılmasına ehtiyac qalmayıb.

Öz növbəsində, rusiyalı diplomatlar humanitar yardımın sərhəddən göndərilməsi ilə bağlı qətnaməyə öz variantlarını təklif ediblər. Nebenzyanın qeyd etdiyi kimi, layihədə Suriyadakı yeni reallıqlar nəzərə alınıb. Belə ki, Rusiya dörd sərhəd keçidindən ikisinin – Türkiyə ilə sərhəddə yerləşən Bab-əs-Salam və Bab-əl-Hava keçidlərinin saxlanılması təklif edilib. Bundan əlavə, Rusiyanın təqdim etdiyi sənəddə rejimin, əvvəlki dövrlərdə olduğu kimi, on iki deyil, altı ay müddətinə uzadılması qeyd olunub.

Bununla belə, BMT Təhlükəsizlik Şurasının üzvləri də Rusiyanın bu qətnaməsini dəstəkləməyiblər.