İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ABŞ-ın raket hücumu nəticəsində İraqın paytaxtı Bağdadda öldürülməsinə rəsmi Tehran sərt reaksiya göstərib.
İranlı səlahiyyətlilər dalbadal qisas alınacağına dair açıqlamalar yaydılar.
Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, 3 günlük milli yas elan edən dini lider Əli Xamneyi “Günahkarları ağır cəza gözləyir” deyib.
Bunun kədərli bir itki olduğunu, ancaq mübarizənin zəfər qazananadək davam edəcəyini və günahkarların həyatını cəhənnəmə çəvirəcəklərini söyləyən Xamneyi “Süleymaninin öldürülməsi ABŞ və İsrailə qarşı müqavimətin gücünü artıracaqdır” deyə bildirib.
Xarici işlər naziri Cavad Zərif isə Süleymaninin öldürülməsinin çox təhlükəli addım olduğunu və mümkün olan nəticələrindən ABŞ-ın məsul olacağını açıqlayıb.
Sosial şəbəkə “twitter” hesabından açıqlama verən Zərif Qasım Süleymaninin DEAŞ, Əl Qaidə və Nusra kimi bölgədəki terror təşkilatları ilə mübarizənin ən təsirli qüvvələrindən olduğunu ifadə edərək, ABŞ-ın hərəkətini “beynəlxalq terror” kimi qiymətləndirib.
İranlı generala qarşı sui-qəsdin “çox təhlükəli və axmaq” hərəkət olduğunu qeyd edən Zərif “ABŞ-ın bu addımının ağır nəticələri olacaq” deyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Muhsin Rzai də ABŞ-ın hücumunda öldürülən Qasım Süleymaninin qisasını alacaqlarını bildirib.