Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 ədəd “Grundig” markalı televizor və 3 ədəd şüşə qabları oğurlayıb. O, daha sonra fevralın 16-da başqa bir evə daxil olaraq 1 ədəd “Arçelik” markalı televizor və “HP” markalı kompüteri, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq oradan 8 ədəd xrustal meyvə və şirniyyat qablarını oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Dindirilmə zamanı İ.Vəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları 1 200 manata satdğını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.