Martın 11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Ağköynək kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə Ağstafa su kanalına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.