Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş idarəsi və bütün tabeli qurumları xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərir.
Unikal.org xəbər verir ki, Müştərilərə göstərilən telekommunikasiya xidmətlərinin dayanıqlığını və keyfiyyətini artırmaq üçün fasiləsiz iş prosesi təmin olunur.
“Aztelekom” baş verə biləcək qəzaların vaxtında qarşısının alınması, xidmətlərin ötürülmə keyfiyyətinin artırılması, itkilərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirir.
Regionlarda yerləşən tabeli müəssisələrdə texniki heyət yeni müştərilərin tez bir zamanda genişzolaqlı xidmətlərə qoşulmasını, həmçinin, mövcud abunəçilərin yaranan problemlərini operativ şəkildə həll edirlər. Şəhər, rayon mərkəzləri, qəsəbə və kəndlərdə avadanlıqların texniki göstəricilərinə müntəzəm nəzarət olunur, bütün istiqamətlər üzrə qabaqlayıcı tədbirlər görülür.
Qeyd edək ki, əhalinin böyük hissəsinin karantin rejimi dövründə evdə olması multimedia xidmətlərinə olan tələbatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Yarana biləcək çətinliklərin operativ həll edilməsi üçün növbətçi təmir qruplarının iş rejimi gücləndirilib. Rabitə xidmətinin sabitliyini təmin etmək məqsədilə 24/7 rejimində magistral şəbəkələrin monitorinqi üçün əlavə resurslar ayrılıb.
Karantin müddətində müştərilərin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin olunması istiqamətində mütəmadi olaraq işlər aparılır.
Müraciətlərin cavablandırılması üçün “Aztelekom”un “122” və “170” nömrəli Çağrı mərkəzləri günün 24 saatı fasiləsiz fəaliyyət göstərir. Bu günlərdə Çağrı mərkəzlərinə daxil olan sorğuların artması nəzərə alınaraq işçi qüvvəsi artırılıb, texniki imkanlar gücləndirilib.
Əsas məqsəd ümumi fəaliyyətin günün tələblərinə uyğun qurulmasını təmin etməkdir.