Azərbaycanda beynəlxalq səviyyədə demokratik dövlətlərə xas olan siyasi münasibətlər qurulub. Son zamanlar istər Prezident Administrasiyası, istər Nazirlər Kabinetində aparılan islahatlar, həmçinin Milli Məclisə keçirilən növbədənkənar seçkilər yeni siyasi sistemin yaradılmasına yol açan addımdır. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur.
Bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsinin təzahürdür. Yeni formalaşan siyasi kofiqurasiyada bütün qüvvələrin əsas məqsədi dövlətçilik və müstəqillik prinsiplərini dəstəkləmək olmalıdır. Təəssüf ki, antimilli qüvvələr Azərbaycan dövlətinə qarşı həmişəki kimi, düşmənçilik aparırlar. Məhz buna görə də dövlətçilik və müstəqillik prinsiplərini rəhbər tutmayan siyasi qüvvələr xalq tərəfindən hər zaman qınanılacaq. Bütün bunları yada salmaqla demək istəyirəm ki, Azərbaycan daxili və xarici siyasətini uğurla aparır, bu siyasət xalqın iradəsinə, milli maraqlara söykənib. Xalqın iradəsinə isə nə daxildə, nə də xaricdə heç bir qüvvə qalib gələ bilməz. Azərbaycan dövlətinin beynəlxalq səviyyədə uğurları ildən-ilə artır.
Son Davos Forumunda cənab Prezidentin nəticəyönümlü görüşləri bunu açıq aydın sübut etdi. Bir çox xarici şirkətlərin ölkəmizə investisiya yatırmağa, Azərbaycan şirkətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirmələri inam və etimadın, etibarlı tərəfdaşlığın, aparılan düzgün iqtisadi siyasətin effektiv nəticəsidir. Bilidiyimiz kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimiz üçün prioritetdir. Müşavirədə Prezident İlham Əliyevin bildirdiyi kimi, Münxen Təhlükəsizlik Konfransı imkan verdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılsın.
Biz şahidi olduq ki, Münhen Təhlükəsizlik konfransında Qarabağ həqiqətləri bir daha beynəlxalq aləmin gündəminə gəldi. Bu torpaqların Azərbaycana məxsus olması faktı ölkə başçısı səviyyəsində diqqətə çatdırıldı. Elə məhz bu kimi fəaliyyətlərin nəticəsidir ki, Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" və onların nəticələri çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildi. Artıq bütün dünya qəbul edir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Koronaviris pandemiyası dövüründə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də Azərbaycanın türkdilli dövlətlərə verdiyi dəyərin göstəricisidir. Həqiqətən də Türk Şurası dünyada ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində bu ağır bəlaya - COVİD-19-la mübarizəyə qarşı Zirvə görüşü keçirdi. Bu, təşkilat daxilində üzv dövlətlər arasındakı həmrəylik və birlik nümunəsidir. Burada əsas məqsəd bir- birinə yardım və çətin gündə bir yerdə olmaq missiyasına xidmət etməkdir. Cənab Prezidentin təşəbbüsü ilə türkdilli dövlətlərin həmrəylik nümayiş etdirməsi və bu təcrübədən digər dövlətlərin istifadə etməsi örnəkdir.
Ümumiyyətlə, ölkə başçısının rəhbərliyi və göstərişi ilə Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı əksər ölkələrdən daha çevik addımlar atdı. Prezidentin "Biz birlikdə güclüyük" cağırışı artıq hər bir vətəndaşımızın həmrəylik şüarına çevrilib və bu, cəmiyyətə koronavirusa qarşı mübarizədə motivasiya verib. Sevindirici haldır ki, Azərbaycan dövləti koronavirusa qarşı hərtərəfli mübarizə apararaq əhalinin hər bir təbəqəsini diqqətdə saxlayır. Ölkə daxilindəki vətəndaşlarımızla yanaşı, xaricdəki soydaşlarımızın da qayğısına qalınır. Atılan hər bir addım insanların sağlamlığının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisatiyyata mənfi təsirlərin azaldılmasına xidmət edir. Bütün bu görülən işlər vətəndaşlarımız və ümumiyyətlə, dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanır. Hər zaman olduğu kimi, xalqa göstərdiyi bu diqqət və qayğıya görə Prezidentə vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ifadə edilir.
Ülvi Quliyev, Milli Məclisin deputatı