“Xarici ölkələrdəki hər bir diaspor nümayəndəsi ilə əlaqə saxlamağa çalışırıq”.
Unikal.org məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
F. Muradov deyib ki, bəzən mətbuata kiminsə koronavirusa yoluxduğu barədə məlumat yayılır, bu, sonra həmin insanın özü üçün böyük problem yaradır: “Biz istənilən ölkədə diaspor nümayəndələrimizlə bağlı məlumata malikik. Ancaq bu məlumatların təqdim edilməsi müəyyən problemlər yarada bilər və KİV-in də bunu nəzərə almasını vacib sayırıq. Elə bir ökə yoxdur ki, səfirliklərimiz, konsulluqlarımız vətəndaşlarımızla maraqlanmasın”.
Fuad Muradov bildirib ki, Fransa, Almaniya, İsveç, ABŞ, Gürcüstan Finlandiya, Rusiya və s. ölkələrdə diaspor fəallarımız arasında virusa yoluxanlar olub.
Onun sözlərinə görə, hazırda onların vəziyyəti yaxşıdır: "Bizə müraciət edən diaspor fəalları və vətəndaşlar arasında heç bir ciddi vəziyyət yoxdur".