BMT-nin Baş katibi Antonio Quterreşin İkinci Dünya müharibəsində həlak olanlara həsr edilmiş xatirə və barışıq günləri ilə bağlı videomüraciəti yayılıb.

Təşkilatın Azərbaycandakı nümayəndəliyindən Unikal.org-a bildirilib ki, müraciətdə deyilir: “Xatirə və barışıq günlərində biz İkinci Dünya müharibəsində həlak olmuş milyonlarla insanı yad edirik və onların çəkdiyi əzabları xatırlayırıq. Nasistlərin törətdiyi Holokost və digər ağır və dəhşətli cinayətləri heç vaxt unutmamalıyıq. 1945-ci ilin may ayında faşizm və tiraniya üzərində qələbə yeni bir dövrün başlanğıcı oldu.

Beynəlxalq həmrəylik və ümumbəşəri dəyərlərimizin əhəmiyyətinin dərk edilməsi BMT-nin yaranmasına səbəb oldu. Təşkilatın əsas vəzifəsi gələcək nəsilləri müharibənin törətdiyi fəlakətlərdən qurtarmaqdır.

Dünyamız hələ də münaqişələrin təsirindən əziyyət çəkir. Hətta hazırki COVID-19 böhranı zamanı belə insanlar arasında nifaq salmaq və nifrət yaymaq üçün yeni cəhdlərin şahidi oluruq.

Qələbənin 75-ci ildönümünü qeyd edərkən 1945-ci ildən öyrənilmiş dərsləri xatırlayaq, eləcə də pandemiyaya son qoymaq və hər kəs üçün sülh, təhlükəsizlik və ləyaqət dolu gələcəyin qurulması üçün səylər imizi birləşdirək”.