Fermerlər aqrar subsidiya üçün onlara verilmiş “Fermer Kartı”ndan səmərəli və diqqətlə istifadə etməlidirlər. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə xəbərdarlıq edərək onları kartlardan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.
Unikal.org xəbər verir ki, “Fermer Kartı sizə - subsidiya alan şəxsə məxsusdur. Kartı başqa şəxsə verməyin. Kartınızdan istifadə etməklə gübrə, pestisid, toxum alarkən mütləq çek tələb edin”, - deyə məlumatda bildirilib.
Eyni zamanda, Agentlik təchizatçılara da bildiriş göndərib, onlara öz satışlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeyd etməyin vacib olduğunu xatırladıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış “Fermer Kartı”na köçürülür. Bu vəsaitin 25%-i nağlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən EKTİS-də qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.
“Fermer Kartı-ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.