Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Bu barədə Unikal.org-a Göygöl Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, iyunun 18-də, saat 23 radələrində Göygöl rayonu, Balçılı kəndi ərazisində yolu keçmək istəyən piyada - Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Füzuli Əsgərovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “VAZ 2106” markalı 25-BJ-692 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, rayon sakini 1988-ci il təvəllüdlü Emin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.