Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən iyulun 5-nə kimi ciddi karantin rejiminin tətbiq olunması ilə bağlı qərar verib.
Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın aldığı qərarlar tamamilə düzgündür. Onun sözlərinə görə, bu tədbirlərin başlıca məqsədi Azərbaycan xalqının sağlamlığını qorumaqdır:
“Gəlin, açıq danışaq. Karantin rejimi yumşalan kimi bəzi vətəndaşlarımızda məsuliyyətsizlik baş alıb getdi. Maskalar taxılmadı, məsafə saxlanılmadı, gigiyena qaydalarına riayət edilmədi. Çayxanalarda insanlar az qala bir-birinə yapışmış halda otururdular. Avtobuslarda yalnız bir-iki nəfər maska taxan görmək olardı. Kimi danışdırısansa, deyir ki, bunu hökumət eləsin. Hökumət üzərinə düşəni edir, tədbirlərini həyata keçirir. Amma vətəndaş hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməlidir. Hökumət hər avtobusa, hər metro vaqonuna, hər binanın giriş qapısına polis işçisi qoya bilməz, parklara hər addımbaşı nəzarət eləmək olmaz. Vətəndaş dərk eləməlidir ki, hökumətin tələblərini yerinə yetirmək lazımdır. Bu məsuliyyətsiz addımlar hara aparır? Fabrik-zavodlar, ticarət obyektləri işləmir, dövlət büdcəsinə vergi gəlmir. Bütün yük dövlətin çiyinlərindədir. Bu, nə vaxta qədər davam edə bilər? Bəzi insanlar nə vaxta qədər məsuliyyətsiz hərəkət edəcəklər? Buna son qoymaq lazımdır”.
M.Qasımlı onu da qeyd edib ki, dövlət sərt addımlar atmalıdır: “Vətəndaş cənab Prezident İlham Əliyevin çağırışına, Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. Elə vəziyyət yarana bilər ki, xəstəxanalarda çarpayı çatmaz, tabut çatmaz. İnsanlar bunu dərk eləməlidir. Vətəndaşlar ailəsinin, uşağının, qohum-əqrəbasının sağlamlığını düşünməlidir. Bu mənada hesab edirəm ki, sərtləşdirmə qərarı zəruru idi”.
Murad İbrahimli