“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir? Dövlət bu istiqamətə pul ayırıbsa, onu həmin insanlara vermək lazımdır".
Unikal.org-un xəbərinə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Qüdrət Həsənquliyev çıxışında xüsusilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib.
O, qeyd edib ki, bəzi sahələrlə bağlı ayrılan vəsaitlərə qənaət edilməsi düzgün və anlaşılan deyil.
Millət vəkili S.Babayevi yarıtmaz siyasət yeritməkdə ittiham edib və onun daha peşəkar kadrla əvəzlənməsinin vacibliyini dilə gətirib.
"Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. O məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsait aidiyyəti üzrə xərclənməlidir”.