Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi tələb və tövsiyələrə uyğun olaraq, koronavirus pandemiyası dövründə rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə maarifləndirmə aksiyası keçirilib.
Unikal.org xəbər verir ki, Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində reallaşan aksiya çərçivəsində Abşeron RİH-nin əməkdaşları və könüllülər sakinlərin sıx şəkildə toplaşdığı ünvanlarda, ictimai məkanlarda insanlarla maarifləndirici söhbətlər apararaq, onlara tibbi maskalardan istifadə etməyin vacibliyi barədə müvafiq məlumatlar veriblər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi tələb və tövsiyələri diqqətə çatdırılıb.
Aksiya çərçivəsində, həmçinin sakinlərə 1000 ədəd tibbi maska, əlcək və koronavirusdan qorunmaq üçün məlumat kitabçaları paylanılıb. Bununla belə, market və iaşə obyektlərinin girişinə virusdan qorunma yollarını özündə əks etdirən məlumat lövhələri asılıb, maskasız girişin qadağan olunduğunu bildirən elanlar yapışırılıb.