Bu gün biz qlobal pandemiya ilə üz-üzəyik. Bütün dünyada insanlar haqlı olaraq irqçiliyə qarşı çıxırlar. Problemlərə qarşı mübarizə aparmaq yalnız başlanğıcdır. Biz onları həm də həll etməliyik. Ortaq çətinlikləri həll etmək və dünyadakı zəif nöqtələri aradan qaldırmaq üçün əbədi bir təlimatımız var. Bu təlimat Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsidir.
Unikal.org xəbər verir ki. bu fikirlər BMT-nin baş katibi Antonio Quterreşin videomüraciətində yer alıb. Müraciətdə deyilir:
“Təşkilatın Nizamnaməsi 75 il əvvəl imzalanıb, lakin orada əks olunmuş prinsiplər bu gün də aktualdır: Əsas insan hüquqlarının toxunulmazlığı; Kişilər və qadınların bərabər hüquqlara malik olması; Hər bir insanın ləyaqəti və dəyəri; Beynəlxalq hüquq və mübahisələrin sülh yolu ilə həlli; Daha çox azadlıq şəraitində həyat səviyyəsinin yaxşılaşdırılması. Bu əbədi dəyərlər bizi yeni gələcəyə aparacaq. Elə bir gələcəyə ki, orada biz ətraf mühitə zərər verməyib iqlim dəyişikliyi ilə mübarizəyə başlayacağıq. Başqa xalqlara qarşı dözümsüzlükdən əl çəkib insan müxtəlifliyinin zənginliyini qəbul edəcəyik. Gənclər küçələrdə, təhsil müəssisələrində və cəmiyyətdə aparıcı qüvvə olacaqlar. BMT kibercinayətkarlıq və virtual nifrət nitqi kimi təhdidlər ortaya çıxmazdan əvvəl yaradılıb. Lakin qurumun Nizamnaməsində bu çağırışların da öhdəsindən necə gələ biləcəyimiz göstərilir.
Gəlin hər kəs üçün sülh, insan hüquqlarının müdafiəsi və ədalət prinsiplərini həyata keçirək. Səylərimizi birləşdirək, humanist olaq, bir olaq, bir-birimizə dəstək olaq”.