İyun ayının sonlarında güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən Azərbaycanın şimal bölgəsinə Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub.
Unikal.org baku.tv-yə istinadən xəbər verir ki, çəyirtkələr ən çox Şabranın Xəzər sahilində yerləşən beş kəndinə məxsus təsərrüfat sahələrinə yayılıb. Mühafizə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə operativ mübarizə tədbirlərinə başlayıb. Çəyirtkələrin kənd təsərrüfatı məhsullarına vura biləcəyi zərərin qarşısı alınıb.
Bu məqsədlə yaradılan xüsusi monitorinq qrupu çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazini müəyyənləşdirib. Aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində çəyirtkələrin böyük hissəsi məhv edilib.
Çəyirtkələrin miqrasiyasına səbəb Dağıstan ərazisində güclü küləyin baş verməsi ehtimal olunduğundan mühafizə tədbirlərinin görülməsi məqsədilə AQTA tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb. Hazırda ərazilərdə fitosanitar müşahidələr aparılır, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, belə hal bir neçə il öncə də müşahidə olunub. Onu da bildirək ki, bu həşəratlar gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.