Ölkəmizdə aparılmış uğurlu iqtisadi islahatlar nəticəsində sahibkarlıq subyektləri üçün yaranmış əlverişli mühitdən öz şəxsi maraqları naminə istifadə etməklə, dövlətin mənafeyinə ziyan vuran, vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin qanunsuz əməllərinin aşkar edilməsi istiqamətində prokurorluq orqanlarının kompleks və məqsədyönlü tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, bu çərçivədə olan tədbirlərin davamı kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cəlal Məhərrəmovun vətəndaşların əmək hüquqlarını kobud şəkildə pozan qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətə baxılıb.
Araşdırmalarla Cəlal Məhərrəmovun 2018- 2020-ci illər ərzində fəaliyyətini təşkil etdiyi "Jalal-İ" tədris mərkəzinin baş ofis və filialların inzibati binalarında ona müxtəlif ixtisas sahələri və peşə istiqamətləri üzrə kursları şagird, abituriyent və sair şəxslərə tədris etmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən 34 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin tədris kurslarında faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə, həmin şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış material əsasında 21 aprel 2020-ci il tarixdə Baş İdarədə Cinayət Məcəlləsinin 162-1.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanaraq Cəlal Məhərrəmova həmin maddələrlə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq 30 iyul 2020-ci il tarixdə tamamlanmış və ittiham aktı təsdiq edilməklə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.