Azərbaycan Taekvondo Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə görə cəzalandırılan Ramin Əzizov barədə açıqlama yayıb. 

Federasiyadan Unikal.org-a verilən məlumata görə, bu barədə məktub AMADA tərəfindən federasiyaya iyulun 6-da göndərilib, lakin koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutub.

Bildirilib ki, Ramin Əzizov mart ayında idmançı karyerasını başa vurması barədə quruma rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.

Qeyd edək ki, AMADA idmançının orqanizmində istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi aşkarlayıb və ona iki illik cəza verilib. 

Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondo 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.