Avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Unikal.org-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
*** 15:02
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.
Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan S. Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.