Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb.
Unikal.org xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov məlumat yayıb.
Onun sözlərinə görə, E.Həsənov Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarından şikayət verib.
Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xarici işlər nazirliyində aparılan maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.