Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaqdır. 

Unikal.org xəbər verir ki, Türkiyənin tanınmış media təlimçiləri – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcəkdir.

Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:

1-ci Təlim: 10 sentyabr 2020-ci il – Ali Murat Kırık - “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;

2-ci Təlim: 11 sentyabr 2020-ci il – Ali Murat Kırık - “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;

3-cü Təlim: 14 sentyabr 2020-ci il – Bora Balar - “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;

4-cü Təlim: 15 sentyabr 2020-ci il – Bora Balar - “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”.

İştirak etmək arzusunda olan jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla təlimdə iştirak üçün müraciət edə bilərlər.

Təlimdə iştirak etmək üçün müraciətlər 2020-ci il sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.

İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə 2020-ci il 9 sentyabr saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcəkdir.

Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcəkdir.

Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.