Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri onlayn formada keçirilən “PASHA Bank Cup II” proqramçılar müsabiqəsinin final turunun qalibi olub.

Unikal.org xəbər verir ki, 40 nəfər arasında keçirilən final turunda BMU-nun “İdarəetmədə informasiya sistemləri” ixtisasının magistr tələbəsi Rəşad Məmmədov peşəkarlar kateqoriyası üzrə I yerə, “Kompüter mühəndisliyi” ixtisasının bakalavr tələbələri - Ülvi Aslanlı tələbə kateqoriyası üzrə II yerə və Nicad Hüseynov isə III yerə layiq görülüblər. Bununla yanaşı, məktəblilər kateqoriyası üzrə Rəşad Məmmədovun hazırlaşdırdığı məktəblilər - Murad Eynizadə I yeri, Əziz Hüseynov II yeri, Hüseyn Hacıyev III yeri tutub.

Final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və HackerRank platformasında sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə üç kateqoriya (peşəkar, tələbə, şagird) üzrə qaliblər müəyyənləşdirilib.

Qaliblərə PAŞA bank tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, müsabiqənin onlayn keçirilmiş 4 təsnifat mərhələsində müxtəlif kateqoriyalar üzrə ümumilikdə 322 nəfər iştirak edib və 56 nəfər finala vəsiqə qazanıb.