Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətin Koordinasiya Şurasının bütün təkliflərini fəlakət adlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə Belarus lideri Rusiya jurnalistlərinə müsahibəsində bildirib.

“Mən müxalifətin Koordinasiya Şurası ilə danışmayacağam, çünki o insanların kim olduğunu bilmirəm. Onlar heç də müxalifət deyillər. Onların təklif elədiklərinin hamısı Belarus və onun xalqı üçün fəlakətdir. Onlar qardaş Rusiya ilə bütün əlaqələrimizi kəsmək istəyirlər. Bizdə təhsilin və tibbin ödənişli olmağını istəyirlər. Onlar bütün sənaye müəssisələrimizin məhv edilməsini, əməkdaşlarının isə işsiz qalmağını istəyirlər!”, - deyə Belarus prezidenti bildirib.

Lukaşenko müsahibəsində prezident seçkilərindən sonra ölkədə baş qaldıran kütləvi etirazlardan da danışıb. 

“Bu proseslərin arxasında bir tərəfdən xarici qüvvələr dayanır ki, bunlar da ilk növbədə Polşa və Çexiyadakı mərkəzlərdən fəaliyyət göstərən amerikalılardır. Digər tərəfdən isə daxili səbəblər də mövcuddur”, - deyə Belarus lideri vurğulayıb.