Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində  bir çox mülkü obyektlərlə yanaşı Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib. 

MOK-un mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, kompleks tamamı ilə yararsız hala düşüb.

3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb. Xoşbəxtlikdən işçilər arasında xəsarət alan olmayıb. 

İlkin hesablamalara əsasən kompleksə yüzminlərlə manat dəyərində ziyan dəyib.   

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.