Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Unikal.org-un məlumatına görə, II dövrənin açılış oyununda "Qəbələ" və "Sabah" klubları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi 2020/2021 mövsümündə ilk qələbəsini qazanıb. Bu eyni zamanda qonaqların ardıcıl 5-ci məğlubiyyəti olub.
Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə komandalar meydana üzərində "Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik" sözləri yazılmış pankartla çıxıblar. Start fitindən əvvəl ənənəvi olaraq Dövlət himni səsləndirilib.
İlk qol 31-ci dəqiqədə vurulub. "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib. 54-cü dəqiqədə Nikolas Raysel komandasının üstünlüyünü 2 topa çatdırıb. 69-cu dəqiqədə Masazır təmsilçisi azlıqda qalıb. Nikola Vuyadinoviç 2-ci sarı vərəqəni görərək meydandan qovulub. "Sabah"ın hücumçusu Ramil Şeydayevin 79-cu dəqiqədə vurduğu qol isə matçda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra xalını 8-ə çatdıran "Qəbələ" 6-cı pilləyə yüksəlib. 6 xalı olan "Sabah" isə 7-ci sıraya geriləyib.
Günün digər oyununda "Zirə" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.