Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti Seymur Səfərov Unikal.org-a müsahibə verib: 

- Nə vaxtdan federasiyanın vitse-prezidentisiniz? 

-Uşaqlıq və  gənclik dövründən peşəkar idmanla məşğul olmuşam. Hərbi xidmətə gedib-qayıtdıqdan sonra idmandan uzaqlaşdım. 2015-ci ildən isə Azərbaycan Ciu-citsu Federasiyasına vitse-prezident kimi gəlmişəm. Onu da bildirim ki, Xüsüusi Təyinatlıların böyük əksəriyyəti Ciu-citsu idman növü ilə məşğul olur. Güc strukturlarının çoxunda bizim müəllimlər məşqlər keçir. 

- Pandemiya dövründə məşqləri necə keçirsiniz?

- Bütün ölkələr üçün ağrılı bir dövürdür. Həmçinin idman camiəsi üçün çətinliklərimiz var. Mağazalar açılsa da, təəssüf ki, idman zallarının fəaliyyətinə icazə vermirlər.  Qanuna uyğun olaraq məşqlərə qapalı məkanda icazə yoxdur. Biz də açıq havada məşqlər keçirməyə çalışırıq. 

- Gənclər və İdman Nazirliyində nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşdə bu məsələni qaldırdınız?

- Düzdür, orada həm Fərid Mansurovla, həm də nazirliyin digər rəsmiləri ilə bu məsələyə toxunub, fikir mübadiləsi apardıq. Ancaq onlar da gözləmə mövqeyindədir. 

- Federasiyanın rəhbəri Mir-Əli Seyidov da, qurumun vəziyyətindən narazı olduğunu bildirib. Hətta məşqlərə icazə verilməməsindən və nazirliyə müraciət edilsə də həllinin tapılmadığından şikayətlənirdi. 

- Düzdür, çox müraciət etmişik. Amma qanun hamı üçün eynidir.  Bir çox sahələr pandemiyada müvəqqəti dayandırılsa da, sonradan fəaliyyətlərini bərpa etdilər. Təəssüflər olsun ki, zallarımızı 1 ildir bağlı saxlayıbıar. Mirəli müəllim də iradlarında haqlıdır. Peşəkar idmançılar başqa məişət işlərində çalışmalı olurlar. Bu da idmançılarımıza ciddi şəkildə təsirini göstərir.  
Olimpiya idman növü olan federasiyalara nazirlik icazə alıb ki, məşqlərini zallarda keçirsinlər. 

- Saxta dünya çempionları sizin Federasiyanın da adından istifadə edirlər?

- Bu hallar həmişə olub. Düşünürəm ki, qanunvericiliklə tənzim olunmadığı təqdirdə, saxta çempionlarla bağlı durum davam edəcək. Qeyri-olimpiya idman növlərinin bir çox qolları olduğu üçün bu problem daha da qabarıq olur. Elə ciu-citsuda da... Bununla bağlı Gənclər və İdman Nazirliyində də problem olub. Nazirlikdə bildirilib ki, ciu-citsunun nə qədər növü var?! 
Federasiyaya aid olmayanlar da özlərini "dünya çempionu" kimi təqdim edirlər. Həmçinin ölkəyə onlarla "dünya çempionları" gətirilir. 

- Federasiyanızın adından istifadə edən saxta dünya çempionları ilə bağlı lazımi quruma müraciət etmisiniz?

- İdmanın da bir "mentaliteti" var. Heç kim "mərdimazarlıq" etmək istəmir. Mənfi cəhətlərimizidən biri də sözün düzünü deyən şəxsə "demaqoq" kimi baxılmasıdır. Mən də bunu düzgün hesab etmirəm.  Biz həqiqətləri demədikcə doğrular batacaq. Bununla bərabər hər kəs müraciət edib, haqqını lazımi qurumlardan tələb etməlidir. Federasiyanın hüquqşunasları da bu məsələ ilə məşğul olmalıdır. Saxta "çempion"lar çox medal və  fərmanlar gətirib təqdim edirlər. Heç kim də onlara heç nə demir. Qeyri-olimpiya idman növlərinin bir çox qolları olduğu üçün bölünmələr baş verir. Hazırda dünyada sözügedən idman növləri birləşirlər, bizdə isə əksinə bölünürlər. Hətta əlacları olsa parçalayarlar. Amma bunun qarşısının alınması üçün  nazirliyə müraciət edirik. 

- Bəs, sizə cavabları necə olur?

- Bizim federasiyanın rəhbəri Mirəli Seyidov dünyanın ən məşhur idmançısıdır. “Qızıl döyüş” Oskarının mükafatçısıdır. Azərbaycanda azsayda şəxslərdəndir. Ölkəmizdəki federasiya rəhbərlərindən tutmuş, dünya çempionlarına qədər bir çoxu Mirəli müəllimin məktəbini keçib.  Mirəli Seyidov məşqçi kimi çox yaxşıdır. Amma idarə etmədə o sərt üzünü göstərmir.

Federasiyamızın prezidenti lazımi qurumlara sərt mövqeyini göstərmədiyinə görə parçalanmalar yaradılır. Mən birləşməyin tərəfdarıyam. Ola bilər ki, Azərbaycanda ciu-citsu üzrə 2 yarış keçirilsin. Bu cür hallar baş verərsə, nazirlik qarşısında tələbimiz olacaq və cəzalandıracaqlar. Təəssüf ki, bizimlə eyni vaxtda ciu-citsu adı altında yarış keçirənlər olub. Amma onların bizə heç bir aidiyyatı olmayıb. 

- Nazirlikdən maddi dəstək alırsınızmı?

- Müəyyən xərclərin ödənməsində dəstək var. Məsələn, zalın ödənişi olurdu. Amma "Əl Oyunları İdman Sarayında, Şəhərdəki Olimpiya Mərkəzlərinin zallarında məşq keç" demirlər. Məsələn, Şağan və Hövsandakı zalların pulları ödənilir və məşqləri orada keçirik. Azərbaycanın ciu-citsuda çoxsayda yaxşı idmançıları var. Axırıncı beynəlxalq yarışların birinə nazirliyin verdiyi pulla cəmi 3 idmançımızı göndərə bildik. Halbuki bizim idmançılar yarışlara gedəndə 10 medalla qayıdır. 

Aygün İlqarqızı

FOTOLAR: Müzəffər İsmayılov