Karles Puyol "Barselona"ya qayıdır. Lakin uzun illər uğurları üçün tər tökdüyü klubdakı işi yaşıl meydanla bağlı olmayacaq.
Unikal.org TV3-ə istinadla xəbər verir ki, karyerasını "Barsa"ya həsr etmiş ötənlərin məşhur futbolçusu sosial layihənin icrasında vacib rollardan birini oynayacaq.
Xəbərdə deyilir: "Puyolla xanımı bir neçə layihə üzərində "baş sındırıblar" və həmin ideyalarını "Barsa"da birlikdə gerçəkləşdirmək qərarına gəliblər. Fonda rəhbərlik edəcək, yoxsa, sadəcə, proyektlərin həyata keçməsinə töhfəsini verəcək - bunu zaman göstərəcək. Puyol xeyriyyə aksiyalarında fəallığı ilə seçilir deyə, Xuan Laporta bu işdə ona güvənir. "Barselona"ya dönüşü də birbaşa Laportanın istəyinə görədir".
Qeyd edək ki, Puyol karyerasıboyu çıxış etdiyi Kataloniya təmsilçisində 6 dəfə İspaniya çempionluğunun sevincini yaşayıb, eyni sayda ölkə Superkuboku qazanıb, 2 dəfə İspaniya kubokunu başı üzərinə qaldırıb, 3 dəfə Çempionlar Liqasının qalibi olub.