Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyasından Unikal.org-a verilən məlumata görə, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27-29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.