“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.
Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.
“Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan “Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.
Fasilədən sonra “Neftçi” oyunu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıb. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçib. “Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə bərabərlik gətirib – 2:2.
Qeyd edək ki, “Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.