Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə Unikal.org  Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb.

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.

***00:43

Bu gün Azərbaycan komandası Tokio-2020 Yay Paralimpiya oyunlarında mübarizəyə start verəcək.

Unikal.org-un məlumatına görə, yarışın növbəti günündə pauerliftinq idman növündə Pərvin Məmmədov qüvvəsini sınayacaq.

49 kq çəki dərəcəsində yer alan paralimpiyaçının çıxışı Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Azərbaycan komandası Tokio-2020-ə 36 lisenziya qazansa da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.