Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çinin oyma möhürləri” mövzusunda seminar keçirilib. 

Universitetdən "Unikal"a verilən məlumata Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəssamlıq, xəttatlıq və poeziya ilə yanaşı, ənənəvi olaraq Çinin mədəni irsini təşkil edən dörd unikal sənətindən biri sayılan Çin oyma möhürlərinin tarixindən danışıb. O, həmçinin qeyd edib ki, oyma çap sənəti möhürlərə mətn həkk etmək, oyma çapın ölçüsünü və görünüşünü müəyyən etmək üçün istifadə olunan kalliqrafik şriftlərlə sıx bağlıdır. 

Möhürlər həm də siyasətdə istifadə edilən, vassal münasibətlərin formasını müəyyən edən və Çin ənənəvi "Qoxua" rəsminin bir hissəsidir.

Seminarda çıxış edən  ADU-nun çinşünas tələbələri möhürlərin insanın sosial statusunu və onun imperator Çinində  dövlət  iyerarxiyasındakı yerini  müəyyənləşdirmək üçün əhəmiyyətindən,  möhür və onun tərkib hissələrinə heroqliflərin yerləşdirilməsi üsullarından, Çin möhürlərinin hazırlanması üçün əsas materiallardan danışıblar.