Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.

"Unikal" xəbər verir ki, bunu Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb:

"Bu gün yeniyetmənin psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər" - o deyib.

***

10:37

Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. 

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqust ayının əvvəlində 17 yaşlı R.A.-nın anası ilə bacısı göz həkimində olarkən baş verib:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:

“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.

Baş Prokurorluq bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.