ABŞ və Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsindən sonra onunla əlaqəli olduğu iddia edilən bir çox rus milyarderinin aktivlərini dondurub.
"Unikal" xəbər verir ki, sözügedən iş adamlarının bank hesablarına girişi kəsilərkən, onların daşınmaz əmlakları, meqa yaxtaları və lüks avtomobilləri də müsadirə edilib.
Sanksiyaların hədəflərindən biri də Rusiyanın investisiya nəhəngi "Alfa Group"un qurucularından olan Mixail Fridman olub. "Forbes"in məlumatına görə, Fridmanın sərvəti 12,3 milyard dollardır. 2015-ci ildən Londonda yaşayan məşhur iş adamının hazırda bu böyük sərvətə çıxışı yoxdur.
İspaniyanın “El Pais” qəzetinə son hadisələrlə bağlı danışan 57 yaşlı məşhur iş adamı Qərbin rus sahibkarlara qarşı sanksiyalarının Ukraynaya müdaxiləyə cavab olduğuna şübhə etdiyini bildirib. Populizmin insanlar üçün cazibədar olduğunu bildirən Fridman, "Ancaq praktik olaraq baxanda bu sanksiyaların təsirli olmadığını düşünürəm. Rus iş adamları gedəcək yerləri olmadığı üçün Rusiyaya qayıtmalı olurlar", - deyib.
Londonda qalan Fridmanın bank hesabları dondurulub, kredit kartları da bloklanıb. Bundan əlavə, onun Aİ ölkələrinə girişi qadağan edilib. Fridman İngiltərədəki səlahiyyətlilərin yemək almaq və taksiyə minmək üçün müəyyən məbləğdə pul xərcləməli olduğunu söyləyib.
"Mən heç kimi axşam yeməyinə apara bilmirəm. Evdə yemək yeməliyəm. Ona da pul tapsam".
Son olaraq Fridman, "Maraqlı və ağıllı sahibkarları Rusiyaya məcbur etmək Qərb üçün yaxşı olmayacaq" deyərək, sanksiyaları aradan qaldırılmasını tələb edib.
Gülayə Mecid