Türkiyənin Malatya şəhər bələdiyyəsi daun sindromlu gənclərin istəklərini yerinə yetirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Büyükşehir Bələdiyyəsi Yanğınsöndürmə İdarəsinin rəisi Mustafa Katipoğlunun göstərişi ilə hazırlanan qruplar yanğınsöndürən olmaq arzusunda olan 11 daun sindromlu gənc və yeniyetməni mərkəzə dəvət edib.
Bildirilib ki, onlar ailələri ilə birlikdə yanğınsöndürmə məntəqəsinə gəlib və yanğınsöndürənlərin köməyi ilə paltar və dəbilqə geyinərək su şırnaqlarından istifadə ediblər.
Yanğından Mühafizə İdarəsinin rəisi Mustafa Katipoğlu Anadolu Ajansına (AA) bildirib ki, bu günü məhz onlara həsr etməkdən çox xoşbəxtdirlər: "Bu uşaqlarla, qardaşlarımızla yaxşı vaxt keçirdik. Gənclərə yanğın zamanı və ya yanğından sonra nə etməli olduqlarını söylədik. Onları heç vaxt özümüzdən fərqli görmürük. Həyatımıza sevinc qatırlar..."
Malatya Daun Sindromlu İdman Klubu Dərnəyinin sədri Nursel Vardı bildirib ki, "Uşaqlarımız əvvəllər görmədikləri, əllərinə toxunmadıqları şeyləri görüb istifadə edirdilər. Bura gəlməmişdən əvvəl uşaqlar müxtəlif qorxular yaşayırdılar, amma burada yanğınsöndürən maşınına minir, səbətlə yuxarı qalxır, su çiləyirdilər".
Ağarza Elçinoğlu