Almaniya Rusiyadan qaz nəqlində fasilələr yaranarsa, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün fövqəladə plan tətbiq etməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek məlumat verib.
"Rusiya tərəfdən bir neçə bəyanat verilib ki, əgər bu (rublla ödənişlər) baş verməsə, o zaman tədarük dayandırılacaq. Bu vəziyyətə hazır olmaq üçün mən bu gün xəbərdarlığın birinci səviyyəsini aktivləşdirdim", - nazir bildirib.
İndiyədək bu planın üç mərhələsindən birincisinə başlanılıb. O, qaz təchizatı ilə bağlı vəziyyətə nəzarət edəcək operativ qrupun yaradılmasını nəzərdə tutur.
Alman nazir şirkətləri və Almaniya xalqını enerji istehlakını azaltmağa kömək etməyə çağırıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin qaza görə ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib.
Avropa isə öz növbəsdində Rusiya Federasiyasına xatırladıb ki, qaz tədarükü müqavilələri avro və dollarla hesablaşmaları göstərir. Bununla belə, Rusiya Federasiyası rublla ödəniş etmədən qaz tədarükünü dayandırmaqla hədələyib. Aİ də G7 ölkələri kimi Rusiyanın bu tələbini rədd edib.
Ağarza Elçinoğlu