Hollivud ulduzu Cim Kerri "Oskar" mükafatlandırma mərasimində həmkarı Uill Smitlə aparıcı Kris Rok arasında yaşanan gərginliyə münasibət bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kerri aparıcının yerində olsaydı Smiti məhkəməyə verəcəyini, hadisə baş verdikdən dərhal sonra aktyorun oradan qovulmalı olduğunu deyib:
"Bütün bu ayaqda alqışlara qarşı az qala ürəyim bulandı. Hollivud sadəcə onurğasızdır. Bizim artıq möhtəşəm klub olmadığımıza açıq-aydın işarədir.
Əgər bu hərəkət mənə qarşı edilsəydi, ona qarşı dərhal 200 milyon dollarlıq təzminat davası açardım, çünki o video internetdə həmişə qalacaq. Bu təhqir uzun müddət yaddaşlardan silinməyəcək. Narazılıq bildirmək və ya tvitterdə bununla bağlı nəsə yazmaq istəyirsənsə, bu yaxşıdır. Amma kimsə nəsə söylədi deyə səhnəyə çıxıb onun üzünə şillə vurmağa haqqınız yoxdur".
Kerri Smitlə arasında hər hansı problem olmadığını da deyib:
"Smitə yalnız ən yaxşısını arzulaya bilərəm. Ona qarşı heç bir mənfi mövqeyim yoxdur. O, çox yaxşı işlər görüb, amma burada özünü yaxşı tərəfdən göstərməyib. İnsanların çoxu oraya çatmaq üçün çox çalışıb. Smitin bu addımı hər kəsin uğurunu geridə qoydu. Bu, eqoistlikdir".
Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.
Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb.
Daha sonra açıqlama yayan Smit hərəkətinə görə üzr istəyib.