İqtisadi böhran səbəbindən gərginliyin getdikcə artdığı Şri-Lankada yüzlərlə insan prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücum edib.
"Unikal" xəbər verir ki, insanlar paytaxt Kolomboda Rajapaksanın evinə soxulmağa çalışarkən, polis gözyaşardıcı qazla müdaxilə edərək ən azı 45 nəfəri saxlayıb.
Hadisələrdən sonra axşam saatlarında şəhərdə komendant saatı elan edilib. Polisin verdiyi açıqlamada nümayişçilərin “ölkədə anarxiya yaratmağa çalışan mütəşəkkil ekstremistlər” olduğu bildirilib.
Bildirək ki, Şri-Lankada uzun müddətdir davam edən yaşayış bahalığı və yanacaq çatışmazlığı əvvəllər də etirazlara səbəb olmuşdu. Gündə 13 saata çatan elektrik kəsilməsi ilə hökumət küçə işıqlarını söndürmək, birjada ticarət saatlarını azaltmaq və xəstəxanada təcili olmayan əməliyyatları dayandırmaq kimi bir sıra fövqəladə tədbirlər həyata keçirir.
7,3 milyard dollar borcu olan Şri-Lankanın müflis ola biləcəyi bildirilir. Yanacaq idxalı üçün kifayət qədər ehtiyatı olmayan ölkədə 2019-cu ildə COVİD-19 pandemiyası və bombalı hücumlar turizm gəlirlərinin də kəskin azalmasına səbəb olub.
Gülayə Mecid