Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Unikal"a verilən məlumata görə, may ayının 28-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini 1989-cu il təvəllüdlü Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik vasitələri aşkar olunaraq götürülüb.
Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.