Əmisi "silahı" Bəşər Əsədə qarşı çevirdi
02:37 05-04-2012
DÜNYA
Əmisi "silahı" Bəşər Əsədə qarşı çevirdi
Diktatorun ordusu şəhərlərdən geri çəkilir
Dünya ictimaiyyətinin artan təzyiqlərinə baxmayaraq, Suriyada vəziyyət gərgin olaraq qalır. Müxalifət fəallarının verdiyi məlumata görə, srağagün rejim qüvvələri ölkənin müxtəlif yerlərində intensiv reydlər apararaq xeyli sayda həbslər həyata keçiriblər.
Bir çox şəhərin raket zərbələrinə məruz qaldığı bildirilir. Suriya İnsan Haqları qrupunun verdiyi məlumatda isə üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş sonuncu qarşıdurmada azı 13 nəfərin öldürüldüyü qeyd edilir.
Hakim qüvvələr jurnalistlərin sərbəst şəkildə fəaliyyətinə imkan vermədiyi üçün fəallar ölkədə davam edən zorakılıq hallarını həvəskar çəkilişlərlə işıqlandırmağa çalışırlar. Homs şəhərinin Əl-Xalidiyyə qəsəbəsində çəkilmiş sonuncu kadrlarda şəhərdə partlayış səslərinin davam etdiyi nümayiş etdirilib. Dəraa və Rəstan şəhərlərində çəkilən görüntülərdə də analoji vəziyyətin hökm sürdüyü göstərilib.
Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda 9 mindən çox insan öldürülüb. Müxalifət isə yüzlərlə insanın həbs edilərək işgəmcələrə məruz qaldığını bildirir. Ölkəni tərk edən insanlar isə qonşu Türkiyə və İordaniyaya üz tuturlar. Təkcə, Türkiyədə yerləşdirilən qaçqınların sayı 20 mini ötüb.
Onu da nəzərinizə çatdıraq ki, 4 gün öncə Türkiyədə keçirlən "Suriyanın Dostları" konfransında ölkədə zorakılığa son qoymaq və sülhə nail olmaq üçün Suriya rejiminə aprel ayının 10-na kimi vaxt verilib. Müxalifət isə planların təsirsiz olduğunu, gec qəbul edildiyini və onun tərkibində Bəşər Əsədin hakimiyyəti tərk etməsi şərtlərinin nəzərdə tutulmadığını bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Suriya rəsmilərindən aldığı məlumata görə, artıq sülh planı icra edilməyə başlayıb və hökumət qüvvələri nisbətən sakitlik hökm sürən şəhərlərdən geri çəkilir.
Qeyd edək ki, ordunun şəhərlərdən çıxarılması BMT-nin keçmiş baş katibi, BMT və Ərəb Ölkələrinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın təklif etdiyi sülh planının əsas şərtidir. Bu plana görə, hökumət qüvvələrinin heyəti və zirehli texnikası aprelin 10-na kimi şəhərləri boşaltmalıdır. Bu arada Suriya prezidenti Bəşər Əsədin Fransada sürgün həyatı yaşayan əmisi Rifat Əsəd danışıb. Xarici KİV-in verdiyi məlumata görə, Rifat Əsəd BBC-yə açıqlamasında deyib ki, zorakılıq olayları Suriyanın hər bölgəsinə yayılıb, artıq silahlı qarşıdurma olmayan bölgə qalmayıb.
O, bu durumda Bəşər Əsədin uzun müddət hakimiyyətdə qalmasının çox çətin olduğunu bildirib. Bununla belə, Rifat Əsəd hesab edir ki, BMT və Ərəb Dövlətləri Liqasının birlikdə yaradacağı komissiya Suriyada azad və şəffaf seçkilərin keçirilməsi üçün müşahidə aparmalıdır və o zaman Bəşər Əsəd ailəsinin Suriyada daha çox dəstəkləndiyi üzə çıxar: "Seçkilərdə Bəşər Əsəd ailəsinin Suriya Milli Şurasının bir çox şəxsiyyətsiz nümayəndələri ilə müqayisədə daha çox dəstəyə sahib olduğu açıq görünəcək".
Qeyd edək ki, Rifat Əsəd 1982-ci ildə Müsəlman Qardaşları Hərəkatının qiyamını yatırtmaq üçün Hama şəhərində keçirilən hərbi əməliyyatı idarə edib, həmin əməliyyat zamanı 25 minə qədər insan həyatını itirib. 1984-cü ildə isə böyük qardaşı, o dönəmdə prezident olan Hafiz Əsədə qarşı uğursuz çevriliş cəhdi edib. Bu cəhdi baş tutmayandan sonra isə Rifat Əsəd sürgünə gedib. Bununla belə, 1998-ci ilə qədər vitse-prezident postundan istefa verməyib. Rifat Əsəd 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin hakimiyyətə gəlməsini o dönəmdə komediya və Konstitusiyaya zidd oyun kimi dəyərləndirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00