İyunun 1-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistan Respublikası gömrük xidmətinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Komitənin və Akademiyanın aidiyyəti strukturlarının əməkdaşları, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Akademiyanın rəisi qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Qulu Novruzov çıxışında Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin dəstəyi ilə son illər ərzində Akademiyanın tədris prosesində innovativ və səmərəli texnologiyaların tətbiqi sayəsində həyata keçirilən islahatları xüsusi olaraq vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov iki ölkə arasında qurulan səmimi dostluq və qardaşlıq münasibətlərindən söz açaraq, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli işgüzar münasibətlərin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, təşkil edilən görüşün qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sonra Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında geniş təqdimatla çıxış edib.
Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.
Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla və tədris prosesi ilə yaxından tanış olublar.