10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
"Unikal" xəbər verir ki, hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.
Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
- Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Tel: (012) 492-24-27
- Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Tel: (012) 498 88 06
- Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.
Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.